Müharibə statuslu insanlar daim Prezidentin diqqətindədir

Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirilən sosial siyasət, imzalanan fərman və sərəncamlar, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin sevincinə, onların sosial durumlarının, mənzil-məişət şəraitlərinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlər davam etməkdədir. Prezidentin ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, vəfat etmiş şəxslərin ailə üzvlərinə 1997-ci il avqustun 2-nə qədər olan xidmət dövründə aldığı xəsarətlərə görə birdəfəlik ödəmə ilə təmin olunmaları bu təbəqədən olan insanlara göstərilən xüsusi diqqət və qayğının nəticəsidir. Qeyd etmək istəyirəm ki, I dərəcə əlilliyə görə 8800 AZN, II dərəcə əlilliyə görə 6600 AZN, III dərəcə əlilliyə görə 4400 AZN birdəfəlik ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Bunun üçün ilkin olaraq dövlət büdcəsindən 50 milyon manat ayrılmışdır.
Bir müddət öncə ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə və ya vərəsələrinə 11 min manat birdəfəlik ödəmə verilmişdir. 12 300-ə yaxın şəhidə görə 18 000-dən çox vərəsəyə birdəfəlik ödəmə həyata keçirilmişdir.
Bundan əlavə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə müavinət və təqaüdlər ildən-ilə artırılır. Son 3 ildə bu artım 2,5-3 dəfə təşkil edir. Eyni zamanda mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yerli icra hakimiyyətində mənzi növbəsinə alınmış şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər mənzil və fərdi evlərlə təmin olunurlar. 2021-ci ildə 3 000 mənzil və fərdi ev nəzərdə tutmaqla 12 000 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Bunu da qeyd etmək istəyirəm ki, Dövlət Qaçqınkomdan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilmiş mənzillərdən hərraca çıxarılaraq satılmasından əldə ediləcək vəsait digər rayon və kəndlərdən mənzil və evlərin alınacağına və bununla da sözü gedən regionlarda mənzil növbəsinə alınanların mənzillə təminat prosesinin sürətlənməsi nəzərdə tutulur. Göstərilən qayğı nəticəsində hərəkət məhdudiyyəti olan əlillər fərdi avtomobillərlə təmin olunurlar. 2021-ci ildə 164 avtomobil verilməklə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib.
Cənab Prezidentin bu yönümlü fərman və sərəncamları, göründüyü kimi, 10 minlərlə müharibə statuslu insanın sevincinə, mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına səbəb olur.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin çoxminli üzvləri cənab Prezidentə öz minnətdarlıqlarını bildirir və daima onun ətrafında sıx birləşərək ölkəmizin inkişafında və müdafiəsində dəstək olacaqlar.

Mehdi Mehdiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.