Müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar ordu quruculuğunda aparılan islahatlar çərçivəsində yeni hərbi obyektlərin tikintisi davam etdirilir.
Yanvarın 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.
Müdafiə naziri hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi hissədə aparılan işlər barədə Müdafiə nazirinə məruzə edib.
Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.
Sonda Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.