Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, respublikamızda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçirilən tədbirlər planına əsasən fəaliyyətlər davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq hərbi hissələrdə növbəti ağacəkmə aksiyaları keçirilib.
Müdafiə Nazirliyinin nümayəndələrinin, rayon icra hakimiyyəti və YAP-ın rayon təşkilatının əməkdaşlarının, könüllülər, eləcə də hərbi qulluqçuların iştirak etdiyi aksiyalarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar əkilib.