Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Aprel döyüşlərinin yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində anım tədbirləri keçirilib.
Hərbi qulluqçuların, şəhid ailələri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbirlərində şəhidlərimizin məzarları ziyarət edilib, üzərinə əklil və gül dəstələri qoyularaq ehtiram nümayiş etdirilib.
Mərasimlərdə Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərində ermənilərin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərindəki strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.
Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb.
Daha sonra hərbi qulluqçular Aprel şəhidlərinin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.