“Minaları hətta yaşayış məntəqələrində, meyvə ağaclarının diblərində basdırıblar”

“Onlar yaşayış məntəqələrinin önünə, meyvə ağaclarının dibinə belə minalar basıdırıblar”

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

Mövzu ilə bağlı Bizimyol.info saytına danışan keçmiş hərbçi, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev bildirib ki, on illərlə dədə-baba torpağından uzaq düşmüş vətədaşlarımızın bəzən səbrsizlik göstərərək işğaldan yeni azad edilmiş bölgələrimizə səfər etmələri, onların həyatı bahasına başa gələ bilir. Odur ki, aidiyyatı dövlət orqanlarımızın müvafiq bəyanatlarına həssaslıqla yanaşmalı, azad edilmiş torpaqlarımıza çox qısa müddətdə dönəcəyimizlə bağlı çağırışı səbrlə gözləməliyik: “Təbii ki, dövlətimiz, eyni zamanda Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər aidiyyatı strukturlar mövzu ilə bağlı xalqımıza dəfələrlə müraciət edib. Tövsiyə edirəm ki, bu müraciətə vətəndaşlarımız tərəfindən tam ciddiyətlə yanaşılsın. Növbəti peşmançılıqlar yaşamayaq deyə, o torpağın qoxusunu illər sonra hiss edib, yenidən orada yaşamaq üçün azca da səbrli olmaq lazımdır. Çünki düşmənimiz 1992-ci ildən başlayaraq, müharibə dövründə basdırdığı minalardan əlavə, hər qarış torpağımızı işğal etdikcə, ora yüzlərlə mina basdırıb. Son 44 günlük müharibə dövründə isə, demək olar ki, bütün mina ehtiyatlarını bu torpaqlara sərf edib.

Sovet dövründə piyada əleyhinə minaların istehsalı da Ermənistan ərazisində həyata keçirilirdi. Minalar, öz zavodlarında istehsal olunurdu və saylarının həddi-hüdudu yoxdur. Bildiyiniz kimi, mina sahələrinin formulyarları, hansı ki, minalar basdırılandan sonra hazırlanır və daha sonra xəritəyə çəkilir – o formulyarları, düşmən tərəfi tam təqdim etmir. Hətta təqdim etsə belə, təhlükə, yenə də həddindən artıq böyükdür. Çünki həmin formulyarların nə dərəcədə düzgün olması və bütün mina sahələrini əhatə etdiyi böyük şübhə altındadır. Eyni zamanda, onlara torpaqlarımızı tərk etmələri üçün möhlət veriləndə, onlar bunun qarşısında növbəti xəyanətə baş vuraraq, ehtiyatda olan bütün minalarını nəinki döyüş postlarının qarşısında, hərəkət istiqamətində, hətta yaşayış məntəqələrində, meyvə ağaclarının diblərində basdırıblar. Ona görə tövsiyə edirəm ki, dövlət qurumlarımızın həmin müraciətinə, vətəndaşlarımız tərəfindən yüksək həssaslıqla yanaşılsın.

Sizə bir məqamı da çatdırım ki, Əfqanıstandan sonra Belarusiyada minaların zərərsizləşdirilməsi üzrə qrupun komandiri olmuşam. Böyük Vətən Müharibəsi dövründə, bu ərazilərdə cəmi doqquz döyüş getmişdi. Hər il təmizlənməsinə baxmayaraq, təkcə 1989-cu ildə biz orda 9 ay ərzində 6 mindən çox minalar, mərmilər, aviabombalar aşkar edərək zərərsizləşdirdik. Ona görə də, indiki ərazilərimizdə də hər qarışın elə həssaslıqla yoxlanılması, heç olmasa, oranın təhlükəsizliyinə 90 faiz zəmanət verir. Təbii ki, bu, yüz faiz ola bilməz. Çünki mina sahələri, təkcə düzənlik bölgələrdə basdırılmır. Dərədə, dağda, çay yataqlarında, qarlı və palçıqlı bölgələrdə minalar basdırılır. O minalar, həmin yerlərdə illərlə qala bilirlər. Bəzilərinin üzərindən torpaq sürüşdüyü üçün üstü açılır, onların tapılması nisbətən asan olur. Digərlərinin torpaq qatı da elə yüksəyə qalxır ki, bu günkü mövcud olan minaaxtaran cihazlar, onları yerini tam təyin edə bilmir. Amma ərazidə kotan işləri zamanı və ya qazıntı işləri aparılarkən, partlayış hadisələri yenidən baş verə bilər. Ona görə də, bu sahədə işləyən mütəxəssisləri də tələsdirmək düzgün olmaz. Onlar səbrlə, təmkinlə ərazidə öz işlərini görməlidirlər. Bundan sonra əhalimiz, ora rahatlıqla gediş-gəliş edə bilər” – deyə, Mehdi Mehdiyev bildirib.

Məqalə dia.az saytına istinadən dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.