Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, treninqdən əvvəl Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev qonaqlarla görüşüb.
Keçirilən görüşlərin, təşkil olunan kursların Azərbaycan Ordusunun hərbi təhsil sahəsinin təkmilləşdirilməsində mühüm rola malik olduğu qeyd edilib.
Nümayəndə heyəti treninq müddətində müasir hərbi təhsil metodikası, üsul və vasitələrinin öyrədilməsi üzrə yerinə yetiriləcək fəaliyyətlər barədə məlumat verib.
Qeyd edək ki, Xarici dil mərkəzinin müəllim heyətinin, yerli və xarici təhsil üzrə ekspertlərin iştirakı ilə keçirilən treninqdə “dinləmə” (listening), “oxu” (reading) bacarığı testləri, eləcə də “yazı” (writing) bacarığı nümunələri standartlaşdırılır, test komissiyaları tərəfindən tərtib olunan test nümunələri təhlil edilir, Xarici dil mərkəzində təhsil alan hərbi qulluqçularla “dinləmə” (listening) bacarığı üzrə hazırlanan testlər sınaqdan keçirilir.
Treninqin əsas məqsədi Xarici dil mərkəzinin “STANAG – 6001 test suallarının tərtibatı və qiymətləndirilməsi” üzrə fəaliyyətlərə cəlb olunan müəllim və pedaqoq təlimatçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Vətən Naminə Mətbuat Xidməti