Mikrodalğalı sobalar evlərimizin əvəzolunmaz hissələrindən biridir. Çünki onun bizə verdiyi rahatlıq danılmazdır. Ancaq bir çox insanın şübhəsi var: yeməyi mikrodalğalı sobada qızdırmaq onun qida dəyərini azalda bilərmi və ya sağlam olmayan bir şey edə bilərmi? Bu sualın əslində heç bir şübhə yeri qoymayan cavabı var. Və bu cavaba inanmağınız üçün mikrodalğalı sobanın necə işlədiyini öyrənməlisiniz:
Mikrodalğalı soba necə işləyir?
Mikrodalğalı sobalar radio dalğaları kimi elektromaqnit dalğalarından istifadə edir, lakin mikrodalğalı sobalarda istifadə olunan dalğaların tezliyi çox daha yüksəkdir. Bu həddən yüksək tezlikli dalğalar son dərəcə seçicidir. Yəni, onlar demək olar ki, yalnız elektrik asimmetrik molekullarla qarşılıqlı əlaqədə olurlar, digər molekullara heç bir təsiri yoxdur.
Elektrikli asimmetrik molekullar nə deməkdir? Bu molekullar, məsələn, molekulyar quruluşu qismən müsbət yüklü və qismən mənfi yüklü olan hissəciklərdir. Bunlara “qütb molekulları” və ya “qütblü kimyəvi maddələr” də deyilir.
Ətrafımızda ən çox tapılan qütbləşdirici kimyəvi maddələrdən biri sudur. Mikrodalğalı soba da böyük ölçüdə qidadakı su ilə qarşılıqlı əlaqədə olur. Mikrodalğalı sobada zeytun yağı ilə yeməyi qızdırmağa çalışdığınız zaman çox da uğurlu olmadığının fərqinə varmısınız. Zeytun yağı qütblü olmadığı üçün, mikrodalğalı soba yağla qarşılıqlı əlaqədə ola bilməz.
Mikrodalğalı sobanın verdiyi dalğalar qidaya dəydikdə içindəki suyu aktivləşdirir. Dalğalar su molekullarına dəydikdə onları titrədir. Su molekulu titrədiyi kimi yanındakı molekulları da titrədir. Beləliklə, su qızmağa başlayır. Su qızdıqca ətrafı da qızdırır. Nəticədə yeməklərimiz mikrodalğalı sobada bişir.
Buna görə də mikrodalğalı sobaların içindəki dalğalar qidalara istilik və ya zərərli radiasiya göndərmir. Onlar sadəcə içlərindəki suyu aktivləşdirəcək vibrasiyalar göndərirlər. Mikrodalğalı sobanın təsirli və sürətli bir üsul olmasının səbəbi bu yüksək tezlikli dalğaların qidanın içinə çox tez təsir edə bilməsidir.
Uzun sözün qısası, mikrodalğalı sobalarda istifadə edilən “metod”un heç bir zərəri yoxdur. Bu dalğalar “yeməkdə” qala bilməzlər, çünki “içəridə qala biləcək” bir quruluşa sahib deyillər. Bu, səs dalğalarının “qulağınızın” içində qalması ehtimalından qorxmaq kimidir. Buna görə də mikrodalğalı şüaları “radioaktiv molekullar” kimi düşünmək böyük səhvdir.
Hər bir vitamin qızdırıldıqda parçalanaraq təsirini itirir. Bu zaman istiliyin növü fərq etməz. Bununla belə, bəzi hallarda mikrodalğalı sobanın istifadəsi bu parçalanmanı azaltmağa kömək edə bilər. Məsələn, bəzi kimyəvi maddələr sürətlə verilən istiliyə məruz qaldıqda dərhal parçalanır. Bunun ən məşhur nümunəsi C vitaminidir. Maraqlısı odur ki, C vitamininin parçalanması istiliyin təsir müddətindən asılı olaraq sürətlənir. Beləliklə, məşhur inancın əksinə olaraq, mikrodalğalı sobalar yeməkləri qızdırmaq üçün daha təsirli vasitə ola bilər. Çünki çox daha qısa müddətdə eyni istiliyi verə bilər, beləliklə vitaminlərin parçalanmasının qarşısını alır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti













