Metakainat nədir?

Metakainat-insanların heç bir fiziki səy göstərmədən, artırılmış virtual reallıq cihazları vasitəsilə tamamilə zehni hiss etdikləri perseptual kainat. Bu kainat kompüterlər, android cihazları və 3D cihazları sayəsində insan idrakını süni fiziki mühitə daxil etməyə imkan verir.

Uydurma kainat kimi də bilinən bu ifadə son vaxtlar böyük texnologiya şirkətlərinin, marketoloqların və analitiklərin dilindən düşməyən bir sistemdir.

Hamının diqqətini çəkən bu sistem Mark Zuckerberg və “Epic Games” şirkətinin baş direktoru Tim Sweeney kimi qabaqcıl texnologiya təmsilçilərinin sərmayələrini də özünə cəlb edir.

Facebook-un ad dəyişikliyi ilə bağlı açıqlamasında bildirilir ki, əhatə dairəsini sosial mediadan virtual gerçəkliyə doğru genişləndirən şirkət üçün “Meta” adı daha uyğundur.

“Ümid edirəm ki, zaman keçdikcə biz metavers şirkət kimi görünəcəyik və gələcəkdə inşa edəcəyimiz şeyin təməli kimi həm biznesimizdən, həm də şəxsiyyətimizdən istifadə edə biləcəyik”, -Mark Zuckerberg belə deyib.

İlk baxışda virtual gerçəklik (Virtual Reality VR) texnologiyasının təkmilləşdirilmiş versiyası kimi görünsə də, bəziləri metavers texnologiyasını internetin gələcəyi hesab edir.

Bir çoxları inanır ki, 1980-ci illərin böyük cib telefonlarıyla müqayisədə müasir smartfonlar nədirsə, virtual gerçəklik texnologiyası üçün də metavers odur.

Kompüter qarşısında oturmaq əvəzinə, metaversdə – bütün rəqəmsal mühitlərin olduğu uydurma gerçəklikdə yalnız qulaqlıq və eynəkdən istifadə etməklə virtual aləmə daxil ola bilərsiz.

Daha çox kompüter oyunları üçün istifadə edilən hazırkı virtual aləmdən fərqli olaraq metavers vasitəsilə daxil olacağınız uydurma kainatda siz həm də işləyə, oyun oynaya, kinoteatra gedə və ya sadəcə gəzişə bilərsiz.

Bir çoxları düşünür ki, həmin kainatda öz təmsilçimizi – üçölçülü (3D) avatarımızı yarada və istifadə edə biləcəyik.

Ancaq hələlik bu, sadəcə bir ideya olduğu üçün metavers üçün razılaşdırılmış vahid tərif yoxdur.

Bu texnologiya yetərincə inkişaf edərsə, insanlar əldə etdikləri virtual reallıq cihazları sayəsində heç bir fiziki səy göstərmədən alış-veriş etmək, kinoya getmək, kafelərdə vaxt keçirmək kimi bir çox fəaliyyətlə məşğul olmaq imkanı əldə edəcəklər.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.