Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin dekabr ayının 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Bundan başqa, təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan müddət ərzində 1069 m yol qar örtüyündən təmizlənib, 260 m yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilib.
Azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6863 hektar ərazidən 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin 1730 metr yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi Ağdərə rayonunun “Gödəkburun” təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.
Media nümayəndələri mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesini izləyiblər.
Azad edilmiş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.