Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran və İsmayıllı şəhərləri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında vətəndaş Vüqar Rəhimov, İsmayıllı şəhəri, Natavan küçəsi 23 ünvanında isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib, Lənkəran rayon sakini V.Rəhimov barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. İsmayıllı şəhərində isə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.