İşğaldan azad olunmuş torpaqlara qayıdış

Torpaqların işğaldan azad edilməsindən sonra həmin ərazilərə məcburi köçkün qalmış insanların qayıtması məsələsi gündəmdədir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən həmin ərazilərin bütün infrastrukturunu darmadağın etmiş, tikililəri, qurğuları sıradan çıxarmışdır. 30 ilə yaxın torpaq həsrəti çəkən soydaşlarımız öz dədə-baba yurdlarına nə vaxt dönəcəyi, bunun üçün lazımi infrastrukturların nə vaxta hazır olacağı son günlərin ən vacib məsələlərinə çevrilmişdir.
Ölkə başçısının bu məsələ ilə bağlı ilkin tapşırığı əsasən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliklə bağlı məsələlər öz həllini tapmalıdır. Bu məsələlərin ən əsası həmin ərazilərin minalardan təmizlənməsi tutur. Daha sonra qayıdışla bağlı mərhələli şəkildə işlərin başlanılmasına start verilə bilər. Əraziləri minalardan təmizlədikdən sonra mərhələlərlə şəhər və kəndlərin infrastrukturlarının bərpası, sonradan yeni şəhər və kəndlərin salınması həyata keçirilməlidir. Burada mühüm vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərə investisiyaların qoyulmasını təşkil etməkdir. Sakinlərə evlərin tikilməsi ilə yanaşı iş yerlərinin açılması da mərhələli şəkildə həyata keçirilməlidir.
İşğaldan azad olunmuş ərazilərdə sahibkarlara, sakinlərə vergi və kredit güzəştləri tətbiq edilməklə bu sahəni inkişaf etdirmək mümkün olar. Kənd yerlərində yaşayanlara texnikaların verilməsi, digər aqrar sahənin inkişafı üçün vəsaitlərin ayrılmasını dövlət öz üzərinə götürməklə bu problemi də aradan qaldırmış olar.
Mühüm məsələlərdən biri də işğaldan azad olunmuş rayonlardan didərgin düşmüş soydaşlarımızın orada qalan əmlaklarının hansı qaydada kompensasiya verilməsi məsələsidir. Bununla bağlı beynəlxalq təşkilatlara, məhkəmələrə müraciət edib Ermənistan dövlətini bu kompensasiyanı ödəməsinə məcbur etmək məqsədəuyğun olardı. İnanırıq ki, bizə bu qələbə sevincini yaşadan müzəffər Ali Baş Komandanımız məcburi köçkünlərin də öz doğma yurdlarına qayıtmaları üçün əlindən gələni edəcək və həmin bölgənin iqtisadi cəhətdən inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atacaqdır.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.