İqtisadi inkişaf ilə ətraf mühitin çirklənməsi arasında sıx əlaqə mövcuddur. Ətraf mühitin çirklənməsi – cəmiyyətin rifah səviyyəsini yüksəltmək məqsədi ilə həyata keçirdiyi istehsal və istehlak fəaliyyəti zamanı ətraf mühitə dəyən zərəri nəzərə almadan göstərdiyi təsir nəticəsində yaranır. İqtisadi inkişaf ətraf mühitin keyfiyyətinə təsir göstərən ən böyük amillərdən biridir. Hər bir ölkənin iqtisadi inkişaf istiqamətləri müxtəlif olduğuna görə ətraf mühitə vurduğu zərər də bir-birindən fərqli olur. Antropogen təsir nəticəsində təbiətə vurulan zərərin bərpasına uzun illər lazım olduğunu nəzərə alaraq, iqtisadiyyatın ətraf
mühitə təsirini azaltmaq yolları axtarılıb tapılmalıdır. Ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə əlaqədar tədbirlər həyata keçirilməzsə, iqtisadiyyatın ətraf mühitdə törətdiyi fəsadlar bərpa olunması mümkün olmayacaq vəziyyətə gəlir. Axarsular, göllər, dənizlər çirklənir, meşələr məhv olur, bitki və heyvan növləri azalmağa başlayır, atmosferin çirklənməsi isə kütləvi ölümlərə səbəb olur.
Bütün növ əmtəə və xidmət sahələrinin inkişafında, insan sağlamlığına və həyatına təhlükə törədə biləcək ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə ortaya çıxan xərclərin ödənilməsi lazımdır. Bu xərclər ya ətraf mühiti çirkləndirən insanlar tərəfindən ya da müəssisələr tərəfindən ödənilməlidir. Bu sahə üçün bazar iqtisadiyyatında müxtəlif cür yanaşmalar mövcuddur. Bu yanaşmalarda əsas 3 nəzəriyyəni göstərmək olar. Bu nəzəriyyələr; ortaya çıxan xərclərin dövlət tərəfindən ödənilməsinə ehtiyac olmadan tərəflərin razılaşmasına əsaslanan Kouz nəzəriyyəsi; itkilərin qarşısının alınması prinsipinə əsaslanan Kaldor – Hikk nəzəriyyəsi və zərər çəkən və zərərə yol açan arasında qarşılıqlı razılığa əsaslanan Scitovsky nəzəriyyələridir.
Ronald Kouz 1964 – cü ildə Çikaqo universitetində işləmiş ingilis iqtisadçısıdır. Ronald Kouz “Kouz teoremi” ilə tanınır və o, 1991-ci ildə Kouz teoreminə görə Nobel mükafatı almışdır. Kouza görə, ətraf mühitlə əlaqəli problemlərin dövlətin müdaxiləsinə ehtiyac olmadan həll oluna bilməsi üçün ətraf mühitin, müəssisə sahiblərinin öz mülkiyyətləri daxilində məhdudlaşdırılması və dəyən zərərə görə ödəniləcək məbləğin minimuma endirilməsi həyata keçirilməlidir.
Kouz yanaşmasına görə xarici effektlərin internalizasiyası ətraf mühitin obyektlərinə və təbii ehtiyatlara mülkiyyət hüququ şamil etməklə mümkün olur. Belə halda maraqlı tərəflər arasında münasibətin qurulması üçün vergi qoymaq və ya subsidiya vermək yolu ilə dövlətin müdaxiləsinə ehtiyac qalmır və tərəflər arasında bu münasibət danışıqlar yolu ilə yaranır. Mülkiyyət hüququnun ilkin paylanmasından asılı olmayaraq, transaksiya xərclərinin olmadığı zamanı, effektivlik kriterinə uyğun gələn qərarın, danışıqların
gedişində qəbul edilə bilməsinin təsdiqi Kouz teoremi adlanır. Transaksiya xərcləri (qeyri- istehsal və ya əməliyyat xərcləri) termini altında sazişin (müqavilənin) bağlanması üçün arzu edilən tərəf müqabilin aşkar edilməsinə, müqavilə bağlamaq üçün arzusunu bildirməkdən ötəri informasiyanın yayılmasına, müqavilənin bağlanması üçün aparılan danışıqlara, qəbul edilən danışıq şərtlərinin gözlənilməsinə nəzarət və s. çəkilən xərclər başa düşülür.
Kouzun ideyaları bir qədər modifikasiya olunmuş şəkildə ekoloji praktikada tətbiq edilir. Qeyd edək ki, Kouz yanaşmasının bir sıra çatışmayan cəhətləri vardır. Sıfıra bərabər transaksiya xərcləri şərti real həyatda nadir halda gözlənilir. Tərəflər arasında danışıqların aparılması üçün neqativ nəticələr təyin edilməli və ətraf mühitin çirklənməsinin günahkarı və zərər çəkəni dəqiq müəyyən olunmalıdır. Çox halda çirklənmənin günahkarını müəyyən etmək mümkün olmur və heç kim özünü zərərçəkən kimi də hiss etmir. Bunlar ekoloji problemin o xüsusiyyəti ilə bağlıdır ki, ətraf mühitin çirklənməsindən əmələ gələn neqativ nəticələr qeyri-müəyyən fəza və zaman intervalında baş verir. Bunlara baxmayaraq Kouz yanaşmasının çoxlu tərəfdarları vardır ki, onlar dövlətin iştirakı olmadan, özlərinin fərdi qərarları əsasında effektivliyə nail olmağa çalışırlar.
Aris Məmmədov