İntihara qarşı ortaq baxış: dini, milli, dünyəvi…

Yazıçı Əkbər Qoşalı Şəhidlərin intiharı ilə bağlı vetennamine.az saytına məqalə təqdim etmişdir.Məqaləni sizlərə təqdim edirəm:

“Yasaqlayıram indi

Haqqım var
Bu sevgidə mağdur mənəm,
Qanun mənəm,
Ölmək yasaq!

Daha dünən anamızın qollarında yaşarkən
Necə ola bilərmiş elə həmən ölmək?!.
Yasaq!
Yasaq, qardaşım, yasaq!
Mən ölmədən gözləri yummaq yasaq”!
(Səlcuq Yazıcı)…

Dini baxışlar

Bizim mənsub olduğumuz İslam dininin baxışları birmənalı şəkildə intihara qarşıdır. “Quran” buyurur: “Özünüzü öldürməyin (və ya Öldürməyin)”!
Səhih hədislərdə də qeyd olunur ki, intihar günahdır.

Orta yüzilliklərdəki nüfuzlu xristian mütəfəkkirlərin yazılarına əsaslansaq, intihar yenə günah sayılmaqdadır.
Katolik doktrinasında arqument bir öncəki səmavi dinin “Öldürməyin!” əmrinə əsaslanır.
Həyat Tanrı tərəfindən verilmiş bir hədiyyə olduğundan, intihar “təbii qaydaya”, başqa sözlə, kainatın ruhuna qarşı çıxmaq sayılır.

Hətta hinduizmdə intihar ümumiyyətlə pislənir və çağdaş Hindu toplumunda başqa birinin öldürülməsinə bərabər günah sayılır. Hindu “Müqəddəs Yazılar”ında vurğulanır ki, intihar edən ruh dünyasının bir bölümü olacaq, o, öz ölümü ilə sonuclanan vaxtadək Yer kürəsini gəzməlidir.

İudaizmdə intihar dünyada Tanrınan xeyirxahlığını inkar etmək sayılır.

Milli baxış

Əcdadımız tarixdə çox çətinliklərdən çıxıb, problemlərin çıxılmaz sanıldığı vaxtlarda “son nəfəs də son fürsətdir” düşünürmüşcəsinə irəli atılıb – ariflər qatında düzgün qiymətləndirilən yolu üstün tutublar. İradənin təntənəsi olaraq intihar deyil, mübarizə, məşvərət daha üstün bilinib.
İntihar yol tapmamaqsa, düşünmək, fikir yürütmək, addım atmaq, toxtaqlı olmaq daha yaraşıqlı yoldur. – Elə deyilmi? Böyük türk övliyası Hacı Vəli Bektaşi nə deyirdi? – Mütəfəkkirin
“Yeddi öyüd”ündən qısa xatırlatma edək:
-Ara, bul;
-Bir yolu qaranlıq görürsən, bəlkə pərdə gözündədir, yolda deyil!?.
-Hər nə ararsan özündə ara…

Dünyəvi baxış

İntihar – sondur. – Bu, yeni bir başlanğıc olmayan sondur.
İntihar – ayrılıqdır, əbədi ayrılıqdır. Bu ayrılıqda fəzilət yoxdur, konsensus yoxdur, anlaşma yoxdur. – İntiharda varlıq yoxdur, yoxluq vardır…
İntihar – köhnə fəlsəfi buxovlardan qurtulmamaqdır. – Aristotel məntiqində
-olum – ölüm,
-hə – yox,
-gündüz – gecə,
-yaxşı – pis…
kimi dualist (səlist) baxış mövcuduydusa, Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsi, necə deyərlər, “sıfır”la “bir” arasındakı imkanlar çoxluğunu təklif edir, “yaxşı” ilə “pis” arasındakıları görməyi daha uyğun görür. Məs., babat, alababat, ortabab, qismən yaxşı, pisvari, miyana, yaxşıvari və s… Bir halda ki imkan var, bəs o, kimin üçündür? – Yenə şeirə üz tutaq:
“Axan çaylar, sən kiminsən?
– Mənə körpü salanın!
– Doğan Günəş, sən kiminsən?
– Məndən işıq alanın!
– Sonsuz fəza, sən kiminsən?
– Məndə qanad çalanın!

– Həyat, söylə, sən kiminsən?
– Mən həyatı öyrənənin”
(Cəfər Cabbarlı)…

Nəhayət:

Son günlər mediada artan intihar müzakirələrində ən üstün çağırışlardan biri olası sözləri xatırlatmaq istərdim:

“Yumma gözlərini, yumma qardaşım,
Görməmək ölməkdən betər. Gəl bölüşəlim Gün işığını, sənə də yetər, mənə də yetər” (Kemal Or)…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.