“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihəsi çərçivəsində növbəti tədbir iş planına uyğun olaraq 28 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyi ilə “Bakı KOB evin”in təlim mərkəzində QHT əməkdaşları və vətəndaş cəmiyyətinin üzvləri üçün keçirilmişdir.
VETENNAMİNE.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə MİDİB-in icraçı direktoru və sözügedən layihənin rəhbəri Arif Nəcimov açıq elan etmişdir. O, tədbir iştirakçılarını salamladıqdan sonra layihənin məqsəd və vəzifələrindən, ölkəmizdə inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin əhəmiyyətindən, onların fəaliyyətinin sosial sahibkarlıq modelində təşkilindən və idarə olunmasından, təklif ediləcək xidmətlər və əməkdaşlıq imkanlarından, həmçinin dövlətimizin sözügedən sahədə gördüyü işlərdən və icra olunan proqramlar-layihələr haqqında məlumat vermişdir. Sonra söz Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Kamran Bağırzadəyə verilmişdir. O, tədbir iştirakçılarını salamladıqdan sonra cari layihənin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb, Agentlik və onun tərkibində fəaliyyət göstərən “KOB Dostu”, “KOBİM”, “KOB evi” və sahibkarlara təklif olunan xidmətlərdən, həmçinin qrant proqramından istifadə yolları haqqında ətraflı məlumat vermişdir. K.Bağırzadənin çıxışından sonra KOBİA-nın sahibkarlar üçün hazırlanmış maarifləndirici bir neçə video təqdimatı əyani olaraq tədbir iştirakçılarına göstərilmişdir.
Tədbiri təlimçi-ekspert Leyla Rəhimova davam etdirmişdir. O, “Azərbaycanda əmək qabiliyyətli fiziki və zehni qüsurlu insanların əmək prosesinə cəlb olunması, onlarla düzgün ünsiyyətin təşkili və davranış qaydaları” adlı təlim mövzusu ətrafında qruplar üzrə müzakirələr aparmışdır. Qrup müzakirələrində iştirakçılar əmək qabiliyyətli fiziki və zehni qüsurlu insanların əmək prosesinə cəlb olunması, onlarla düzgün ünsiyyətin təşkili və davranış qaydaları, həmçinin öz təmsil etdikləri təşkilatlarda gələcəkdə qurulacaq inklüziv peşə hazırlığı mərkəzlarinin təşkilinin əhəmiyyətindən və yollarından ətraflı məlumat vermişdir.
“Xarici ölkələrdə İnkluziv peşə hazırlıq təlim və kurslarının təşkili” haqqında təlimçi-ekspert Əhəd Kazımov da çıxış etmişdir. O, təşkilatlarda qurulacaq İnklüziv peşə hazırlığı mərkəzlərinin xarici ölkələrin təcrübəsindən istifadə etməyin faydalarından, həmçinin sözügedən mərkəzlərdə təlim və kurslarının təşkilinin sosial sahibkarlıq modeli əsasında qurulmasının əhəmiyyətindən və ölkəmizdə dövlət və bir neçə beynəlxalq təşkilatlar tərəfindən icra olunan peşə təhsili ilə əlaqədar layihələr haqqında məlumat vermişdir. Ə.Kazımov öz çıxışının sonunda tədbir iştirakçılarına “Destekolaq.az” layihəsi haqqında məlumat vermiş və həmin platformadan faydalanma yollarını əyani olaraq adım-adım izah etmişdir.
Tədbir, təlimdə iştirak edənlərin suallarının layihə rəhbərliyi tərəfindən cavablandırılması və iştirakçı sertifikatlarının təqdim olunması ilə yekunlaşmışdır.
MİDİB-in İctimaiyyətlə əlaqələr şöbəsi