İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin dərəcəsi ölkənin elmi, iqtisadi potensialının, dövlət idarəçiliyinin səviyyəsinin göstəricilərindəndir.
Dünya bazarında elektron biznesin rolunun artdığı müşahidə olunur və indi ölkələrin iqtisadi rəqabəti aparmaq qabiliyyəti onların İKT-dən effektiv istifadəsindən asılıdir. Son illərdə bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycanda addımlar atılmış, İKT istiqaməti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ölkə Prezidentinin təşəbbüsü nəticəsində İKT sahəsində səmərəli addımlar atılıb.
İKT-nin, o cümlədən, internet iqtisadiyyatının inkişaf etdirilməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynadığı şübhəsizdir. Belə ki, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə, cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanıb.
Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı yaradılıb. Bu yeni qurumlar ölkə iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edir. Yeri gəlmişkən qeyd edək ki, son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib.
Dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətinin yeni şəraitə asan uyğunlaşması, E-biznes, E-bankçılıq, E-təhsil kimi layihələrin həyata keçirilməsi də daxil olmaqla, informasiya cəmiyyətinə keçidin reallaşdırılması və inkişafını təmin etmək mərhələsindəyik.
Ulu öndər Heydər Əliyevin siyasi təşəbbüsü sayəsində 1994-cu ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma yaradıb. Siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi bazanın yaradılması, insan faktorunun inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının əldə edilməsi, elektron hökumətin, elektron biznesin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual imkanlarının təkmilləşdirilməsi, biliklərə əsaslanan, rəqabətə davamlı istehsalın qurulması kimi əsas məsələlər daxildir.