İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin təlim-metodiki toplantısı keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, qoşun növü, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin şöbə, bölmə, kafedra və silsilə rəislərinin cari ilin birinci yarısının yekunlarına dair təlim-metodiki toplantısı keçirilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov 2022-ci ilin birinci yarısında hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın möhkəmləndirilməsi və digər sahələrdə görülən işlər, eləcə də  bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İdarə rəisi şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təhlil edərək Müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasına dair təlimatların, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılmasının, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Toplantıda zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində görülən işlərə dair məruzələrlə çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.