Yanvar 23, 2022

Hərbi helikopterin qəzaya uğramasının ilkin səbəbi AÇIQLANDI – RƏSMİ

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində iki nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Baş Prokurorluqdan Vetennamine.az verilən məlumata görə, istintaqın hazırkı mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən, hər hansı digər səbəbdən  baş verməsi  ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də, məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir