Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına verilən məlumata görə cari ilin fəaliyyət planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda mədəni-kütləvi tədbirlər keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında şəxsi heyətə təqdim edilən hərbi-vətənpərvərlik mövzusunda musiqilər böyük maraq və alqışlarla qarşılanıb.