Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır.

 

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon Filialının sədri Məhi Mehtiyev vetennamine.az saytına müsahibə vermişdir.Müsahibəni sizə təqdim edirəm :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 16 iyulda keçirilən 2022-ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu.

Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Dövlətimiz bu kateqoriyadan olan insanlara layiqli yanaşma nümayiş etdirir, onlara həssas  münasibət göstərir.

Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkələrdəndir. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. Bu proqramlara əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Artıq ötən il 3 min, bu il isə  1500 mənzil və fərdi ev verilib. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bundan əlavə, reabilitasiya mərkəzləri yaradılmış və həmin mərkəzlər ən müasir texnologiyalarla təchiz edilmişdir. Müharibə əlilləri, veteranlar, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür

Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. Təqdirəlayiq haldır ki, bu günə qədər 7200 müharibə əlili avtomobillə təmin edilib. Hərbçilərin sosial müdafiəsi məsələləri də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda  hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, bir sözlə, lazimi infrastruktur yaradılır. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri də daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir – dördüncü nəsil protezlərlə təmin olunublar. Ölkə başçısı çıxışında bir daha bildirdi ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdırlar.

Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Dövlət dəstəyi ilə yanaşı, yeni formalaşan “YAŞAT” Fondu da şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi dəstək nümayiş etdirməkdədir.

Həm dövlət, həm Heydər Əliyev Fondu, həm də “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı həyata keçirilən dövlətimizin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər təsdiqləyir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Bir sözlə, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Göründüyü kimi, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə, hərbçilərə və veteranlara göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kateqoriyadan olan insanlar bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.