“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun ilk buraxılışı olub

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Azərbaycan Ordusunun digər kateqoriyalardan olan hərbi qulluqçuları ilə yanaşı gizirlərinin də böyük xidmətləri olmuşdur.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.
Vətən müharibəsində zabit və əsgərlərlə yanaşı gizirlərimizin də xidmətləri Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı respublikamızın ərazi bütövülüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, hərbi əməliyyatlar zamanı böyük təcrübə toplayan, hətta ən ekstremal vəziyyətlərdə taqım, bölük, heyət komandirinin vəzifəsini öz üzərlərinə götürərək fərqlənən gizirləri bir daha həvəsləndirmək, onların təcrübəsindən geniş şəkildə faydalanmaq məqsədilə “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun açılmasını məqsədəuyğun hesab etmiş və Müdafiə Nazirliyinin rəhbərliyi Müzəffər Ali Baş Komandanın bu təşəbbüs və tapşırığını da uğurla yerinə yetirmişdir.
Quru Qoşunlarında cari ilin may ayının 16-dan başlanan kursun buraxılış mərasimi keçirilib.
Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev şəxsi heyəti salamladıqdan və bu əlamətdar hadisə münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik etdikdən sonra Ulu Öndərin abidəsi ziyarət olunub, önünə qızılgüllər düzülüb.
Hərbi orkestrin müşayiəti ilə ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Çıxış edənlər Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğıdan, göstərilən etimaddan danışaraq kursun əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məzunlara çətin, məsuliyyətli və şərəfli zabitlik yollarında uğurlar arzulanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından kursu uğurla başa vuran kursantlardan və hərbi təlimatçılardan bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.
Vətən müharibəsi iştirakçıları olan zabitlər tərəfindən məzunlara sertifikatlar təqdim edilib.
Təntənəli mərasimdən sonra əsgər klubunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə konsert proqramı təqdim edilib, əsgər yeməkxanasında məzunların şərəfinə çay süfrəsi təşkil olunub və kollektiv şəkillər çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.