Gənc nəslin milli mənlik şüuru

Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur.Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir.

Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir.

Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə – ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar.

Gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olması da vacib amillərdəndir. Çünki milli ruhda böyüyüb formalaşan gənclik hər şeyə qadirdir. Təbii ki, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər ölkənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır.

Politoloqların fikrincə, Azərbaycanda milli mənlik şüuru tarixi-siyasi reallıqlarımıza uyğun spesifik inkişaf yolu keçmiş və özünəməxsus siyasi şəkildə formalaşmışdır. Təbii ki, bu prosesin gedişini xalqın milli inikişaf tarixindən əlahiddə götürmək qeyri-mümkündür. Azərbaycanda milli mənlik şüurunun ənənəsindən danışarkən, hər şeydəri əvvəl, etnik və dini ənənələr nəzərə alınmalıdır:

Məlum olduğu kimi, etnik şüur etnosun mifologiyası, inanclar sistemi əsasında formalaşır, bütövlükdə, spesifik etno-mədəni sistem yaradır ki, bu da ideologiyanın məzmununa ciddi təsir faktoru kimi çıxış edir.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.