Fikir, söz və məlumat azadlığının vacibliyi

Hər bir insan bilik, konsepsiya, nəzəriyyələr inkişaf etdirərək və onları verilən mühitdə qiymətləndirərək dərk etməyə çalışır. Bu koqnitiv bacarıq məmnunluq hissi verir və acizlik hissini əvəz edir. Yeni bilik və ideyalar insanlara gələcəyə gələcəyə dair ümidli olmağa təşviq edir.

Hər bir cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Çünki, dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir. Bu baxımdan mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə, cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir. Hər bir ölkədə, insanların müstəqil düşüncə ifadə etmək arzusu ilk növbədə fikir, söz və məlumat azadlıqları ilə gerçəkləşir və cəmiyyətdə fikir müxtəlifliyinə, həqiqəti üzə çıxarmağa imkan yaradır. Azərbaycan xalqının fikir, söz, mətbuat azadlığı uğrunda mübarizəsinin dərin tarixi vardır. Xalqımızın ədəbi həyatına aid yazılar ilk dəfə XIX əsrin ikinci onilliyindən başlayaraq Tiflisdə çıxan “Tiflisskiye vedomosti”, “Kavkaz”, “Zakavkazskiy vestnik”, “Novoye obozreniye” və başqa rus qəzetlərində dərc olunurdu. Azərbaycan dilində nəşr olunan ilk qəzet “Tiflis əxbarı” qəzeti idi ki, 1832-ci ildən Tiflisdə nəşr olunmağa başlamışdı.

Əlbəttə ki, Azərbaycan həqiqətlərinin işıqlandırılması, xalqın maarifləndirilməsi kimi müqəddəs missiyanı bu qəzetlərin yerinə yetirməsi çarizmin ideoloji-siyasi təsiri altında mümkünsüz idi. Məhz bu səbəbdən də Azərbaycanın o dövrdə yaşamış ziyalıları, görkəmli şəxsiyyətləri milli mətbuatın yaradılması üçün uzun illər mübarizə aparmalı oldular. Bu mübarizənin də məntiqi nəticəsi olaraq, görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə 1875-ci il iyulun 22-də Azərbaycanın ilk mətbu orqanı – “Əkinçi” qəzeti nəşr olunmağa başladı.

Fikir, söz və məlumat azadlığının, mətbuatın inkişafına dövlətin bilavasitə qayğısı və dəstəyi bu gün də davam etdirilir. Cəmiyyət bunu mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində hiss edə bilir. Cənab Prezident İlham Əliyev bir çox çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini bildirib. Ölkə başçısının iradəsi ilə bu günə kimi 400 nəfərdən artıq jurnalistin dövlətdən mənzil alması heç də təsadüfi deyil, əksinə, dövlətin, dövlət başçısının milli mətbuatımıza qayğısının təzahürüdür. Bu diqqət, bu qayğı hələ də davam etdirilir və mətbuat işçiləri, jurnalistlər üçün nəzərdə tutulan binaların tikintisi, onlara təhvil verilməsi bununla bitməyib. Jurnalistlər üçün inşa olunan ikinci binanın açılışında jurnalist əməyinin cəmiyyətdəki rolu barədə danışan dövlət başçısı mətbuat işçilərini, jurnalistləri hətta özünün köməkçisi adlandırıb. Cənab Prezident öz nitqində bildirib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir: ”Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir.”

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.