Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, keçirilən mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayraqları sıra meydanına gətirilib, Dövlət Himni ifa edilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasını və ölkə başçısının 8 noyabr – Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradı qəbul etməsi ilə dövlətimizin qüdrətini, xalqımızın böyük mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb, Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin azad torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildiriblər.
Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.
Vətən Naminə Mətbuat Xidməti