Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir.
Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq.
Yeni layihə ilə bağlı keçirdiyi brifinqdə DSMF-nin sədri Himalay Məmişov son illər aparılan sosial islahatları, pensiya, müavinət və təqaüdlərdə, digər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.
Qeyd olunub ki, müxtəlif şirkətlərlə birgə icrasına başlanan “Sosial tərəfdaş” layihəsi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır.
Layihədə iştirak edən şirkətlərin siyahısı, habelə tətbiq olunacaq güzəşt və endirimlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına (sosial.gov.az) və ya DSMF (dsmf.gov.az) saytına daxil olaraq “Sosial tərəfdaş” bölməsində tanış olmaq olar.
Həmçinin vətəndaşlar Fondun regional filial və qəbul şöbələrindən, eləcə də DOST mərkəzlərindən, yaxud 142-Çağrı Mərkəzinə zəng etməklə layihə ilə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər.