Dövlət və xalq naminə potensialların səfərbər olunması bacarığı

Bugünki müsahibimiz Azərbaycan Qadın Sahibkarları İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə
heyətinin sədri, “Tərəqqi” medalı təltiftiçisi Səkinə Babayeva müasir Azərbaycanın inkişafında əvəzsiz rolu olan, xalqın sevimlisi, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın nailiyyətləri barədə öz fikirlərini bizimlə bölüşdü.

Səkinə Babayeva: böyük fəxarətlə yazacağım ürək sözlərim sadəcə xoşbəxt, firəvan bir ölkənin
qadınının ən xoş diləyi, duasıdır. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki,
ölkəmizin Birinci xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun Prezidenti Mehriban Əliyeva dövlətimizin çoxəsrlik milli-mədəni
dəyərlərinin, tolerant, multikultural ənənələrinin, xalqın sosial-iqtisadi rifahı
naminə yorulmaz fəaliyyəti, elmə, təhsilə, mədəniyyətə dəstəyi dövlətçiliyin
möhkəmləndirilməsi və müstəqil ölkəmizin beynəlxalq imicinin yüksəldilməsinə
ən ali töhfələr verməkdədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi
dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.

Heydər Əliyev Fondu:

2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan
Heydər Əliyev Fondu — bu çox zəngin elm, maarif, mədəniyyət mərkəzi qısa
zaman kəsiyində özünün sosial, siyasi, mədəni və mənəvi sahələrdə qazandığı
görkəmli nailiyyətlərlə bütün dünyanı heyran qoymuşdur. Fəaliyyəti Ümummilli
Liderimizin ideyalarına əsaslanan Heydər Əliyev Fondu milli məqsədlərin
reallaşdırılmasına müstəsna töhfələr verir. Bu Fondun prezidenti Azərbaycan
Respublikasının Birinci Vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva Ümummilli
Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu
Öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və
təşəbbüskarlıq nümayiş etdirir.
Xüsusi olaraq vurğulanmalıdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın inkişafına, milli
məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti
ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil,
səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər
sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal
iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli – layiqli töhfəsini verir.
Fond tərəfindən təhsil sahəsində də əhəmiyyətli təşəbbüslər irəli sürülür və
müvafiq layihələr uğurla reallaşdırılır. Başqa sözlə, Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata
keçirilməsində yaxından iştirak edir. Qeyd edək ki, bu proqramın müvəffəqiyyətlə
icra olunması nəticəsində ölkəmizdə yeni məktəb binaları tikilərək istifadəyə
verilib, müxtəlif təhsil ocaqlarının maddi-texniki bazası yaxşılaşdırılıb, eləcə də
təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verilib. Bununla yanaşı,
Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və regionlarda çoxsaylı uşaq
bağçaları, körpələr evi, xüsusi təyinatlı uşaq müəssisələri əsaslı şəkildə və yüksək
səviyyədə təmir olunub, bütün növ avadanlıqlarla təchiz edilib. Fondun “Uşaq
evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində çoxsaylı internat və
uşaq evləri yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların, yeniyetmələrin
təhsili və sağlamlığı üçün reallaşdırdığı layihələrin böyük əhəmiyyətini ortaya
qoyur.
Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin
diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı
olmuşdur. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə sistemli və
mütəşəkkil formada həyata keçirilir.
Heydər Əliyev Fondu bu gün nəinki ölkəmizin daxilində, hətta, onun
hüdudlarından çox-çox uzaqlarda da xeyriyyəçilik kimi ali missiya ilə məşğul
olurlar. Bütün görülən bu işlər ölkələrarası dostluq və əməkdaşlığın
möhkəmləndirilməsində böyük rol oynayır, müstəqil Azərbaycanın həmin ölkələrlə
qarşılıqlı sosial-iqtisadi, ictimai-siyasi, mədəni və mənəvi sahələrdə
münasibətlərini yaxşılaşdırmaq üçün çox böyük faydalı və səmərəli fəaliyyət
göstərir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti
dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında
əvəzsiz rol oynayır. Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda
layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna
töhfələr verən ictimai-siyasi xadim kimi tanınır.

Mehriban Əiyevanın ökəmizdəki idman hərəkatının inkişafında əvəzsiz rolu

Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə
Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti
kimi də böyük işlər görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına
əvəzsiz töhfələr vermişdir. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif
çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi
Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım
Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır.

Mehriban Əliyevanın xalqa qarşı diqqət və qayğısı, sevgisi hər zaman hiss edilir

Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı da Mehriban
xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur.
Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə
ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla
təminatı həyata keçirilmişdir. Bunların hamısı gözümüzün qarşısında baş verən
prosseslərdir.
Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara
sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva
uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər
xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir,
uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir.
Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində
tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl
mənasında ailə abu-havası yaradılıb.
Mehriban xanım Əliyeva indiyə qədər yerinə yetirdiyi bütün vəzifələrdə öz
potensialını, yüksək məsuliyyət hissini, təşkilati-idarəetmə məharətini ortaya
qoyduğu parlaq nəticələrlə təsdiqləyib. Mehriban Əliyeva sıralarında 700 mindən
çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının sədr müavini kimi xeyli
müddətdən bəri siyasi proseslərin fəal iştirakçısıdır. Onun
partiyanın ali rəhbərliyində təmsilçiliyi bu qurumun gücünü daha da artırıb,
cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına stimul
yaradıb. O, bütün cəhətləri ilə xalqın adamıdır, vətəndaşlarımızın birmənalı
dəstəyini qazanmış dövlət xadimidir.

Hazırladı

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.