Heyətində kapitan Elçin Camallı, oyunçular Tərlan Qurbanəliyev, Joaqin Kopello və Andres Ernesto Lorentonun yer aldığı millimiz ilk qrup oyununu turnirin favoritlərindən sayılan İspaniya yığmasına qarşı keçirib, 6-5 hesabı ilə qələbə qazanaraq aktivinə 1 xal yazdırıb. Gərgin mübarizədə kapitan Elçin Camallı qollardan 2-ni öz aktivinə yazdıraraq dubl edib.
Millimizin çıxış etdiyi “A” zona qrupunun digər oyununda isə İtaliya millisi İsveçrə üzərində 6-2,5 hesabla inamlı qələbə qazanıb. İlk görüşün nəticələrinə əsasən İtaliya və Azərbaycan yığmaları aktivlərində 1 xalla qrupda ilk iki, İspaniya 3-cü, İsveçrə isə 4-cü yerdə qərarlaşıb.
Təmsilçilərimiz qrupun ikinci matçını 4 sentyabr tarixində yerli vaxtla saat 14:00-da son Avropa Çempionu İtaliyaya qarşı keçirəcəklər. Yığmamızın həlledici adlandırıla biləcək matça eyni heyətlə çıxması planlaşdırılıb.
Zona “B” qrupu oyunlarının nəticələri isə aşağıdakı kimi olmuşdur:
- Hollandiya 5-8,5 Avstriya
- İngiltərə 4-8 Almaniya.
Vətən Naminə Mətbuat Xidməti