Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində il ərzində həyata keçiriləcək Tədbirlər Planına əsasən “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Xidmət əməkdaşlarının iştirak etdiyi tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək bildirib ki, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilib. Akademik Urxan Ələkbərov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində isə Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyası dayanır.
Ümummilli lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu və ölkəmizin inkişafında göstərdiyi misilsiz xidmətlərini diqqətə çatdıran akademik, Azərbaycan xalqının qəlbində Ulu öndərə dərin ehtiram və məhəbbətin daim yaşayacağını bildirib.