“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təşkil olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, mütəxəssis və ekspertlər iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbir iştirakçılarına DOST mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.
Qeyd olunub ki, indiyədək 1 milyon 560 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,5 faizdir.
DOST Agentliyinin bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirilib. DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu və bir sıra ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi diqqətə çatdırılıb.
Daha sonra mövzuya dair müzakirələr aparılıb, tədbir iştirakçılarının rəy və təklifləri dinlənilib.