DOST Agentliyi Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb

DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin qalibi olub.

Bunu Vetennamine.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi, yeni texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan nəticələri dəyərləndirmək məqsədi daşıyıb.

DOST Agentliyi “Texnologiya alətləri” kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb. DOST Könüllülərinin fəaliyyətini əks etdirən “Dəyərləri birləşdir – bərabərliyə nail ol” adlı ərizəsi isə “Möhtəşəm Heyət” kateqoriyasında Avropa Sosial Xidmətlər Mükafatının finalçısı olub.

Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri ilə ictimai səsvermənin nəticəsinin cəmi əsasında müəyyən olunub. 20 mindən çox səs toplayan DOST Agentliyinin qazandığı səslərin təxminən 17 mini təşkilatın üzvü olan Avropa dövlətlərindən daxil olub.

DOST Agentliyi Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir.

DOST Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9 avqust tarixində yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir.

Qeyd edək ki, DOST Agentliyi 2020-ci ildə də Avropa Sosial Xidmətlər Mükafatının finalçılar siyahısında yer qazanmışdı. Bu ilin fevral ayında isə DOST Agentliyi sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.