Dioksinlərə – polixlordibenzodioksinlərə (PXDD) birdən səkkizə qədər xlor atomu saxlayan aromatik tritsiklik birləşmələrin böyük qrupu aiddir.
Dioksinlərin bütün tullantılarının yarısı zibil yandıran zavodların və tibb tullantılarını yandıran qurğuların üzərinə düşür. Dioksinlərin əmələ gəlməsi üçün yüksək temperatur, üzvi, xüsusən də aromatik maddələrin və xlorun olması kifayətdir. Dioksinlərin atmosferə atdıqları tullantılara əlavə olaraq meşə yanğınlarını, kömürlə işləyən istilikelektrik stansiyalarını göstərmək olar. Bundan başqa dioksinlərin mənbəyi metallugiya sənayesi, kimya və neftkimya sənayesi, sellülozanın xlorla ağardılması həyata keçirilən kağız-sellüloz kombinatıdır.
Dioksinlər politoksikiliyə malikdirlər. Dioksinlərin ən az qatılıqda uzun müddətli təsiri onkoloji xəstəliklərin inkişafına, dölün ana bətnində ölməsinə, fiziki və psixi eybəcər uşaqların doğulmasına, immunitetin azalması və tamamilə yox olmasına, çoxalma qabiliyyətinin itməsinə səbəb olur.
Kağız-sellüloz kombinatının tullantı suları yüksək toksiki polixlordibenzofuranlar saxlayır. Bu qrup birləşmələrin əsas nümayəndələri 2,3,7,8-tetraxlordibenzodioksin (TXDD), 2,3,7,8-tetraxlordibenzofuran (TXDF).
Onkoloji toksikiliyə görə ən təhlükəlisi TXDD-dir. TXDD suni surətdə yaradılmış bütün məlum birləşmələrdən ən zəhərlisi sayılır. TXDD kalium sianiddən 67 və strixnindən 500 dəfə güclü zəhərdir. TXDD-nin insan orqanizmi üçün ölümcül dozası 1 kq bədən kütləsi üçün 0,03mln-1-dir. Lipofilliyinə görə orqanizmin piy qatında toplanır ki, onun burada qatılığı ətraf mühitə nisbətən 100-20000 dəfə çox ola bilər. TXDD ilə zəhərlənmə dərinin çətin sağalan xəstəliyinə səbəb olan xlorakne əmələ gətirir ki, keçib getdikdən sonra belə dəridə dərin çapıqlar qoyur. Bundan əlavə TXDD qara ciyərin ağır zədələnməsinə səbəb olur ki, bu zaman ciyər hüceyrələri kütləvi parçalanmaya məruz qalır və öd qan-damar sisteminə qarışır. Bu isə insanın komaya düşməsinə, sonra isə letal nəticəyə, ölümə səbəb olur. Hamiləlik zamanı TXDD uşağın orqanizminin patologiyasına səbəb olur.
Dioksinlər üçün YVQH mövcud deyil, bu birləşmələr istənilən qatılıqda zəhərlidir. Dioksinlərin əsas miqdarı orqanizmə qida ilə daxil olur. Ərzaq məhsullarında D-nin miqdarı onların yağlılığı ilə müəyyən edilir. Dioksinlər ən çox balıq və ətin yağlı növlərində, kərə yağında, pendirdə rast gəlinir.
Dioksinlər üçün sinergizmin yaxşı ifadə olunmuş effekti xarakterikdir. Dioksinlərin və digər ekotoksikantların (radiasiya, nitratlar, kükürd dioksid, ağır metallar, xlorfenollar və s.) orqanizmə birgə təsiri zamanı təzahür edən toksiki təsir, hər bir toksikantın ayrılıqda göstərdiyi təsirlərin cəmindən daha böyükdür.
Insan orqanizminə dioksinlər əsasən heyvan mənşəli qida məhsulları ilə keçir. Dioksinlərin təhlükəli miqdarı ətdə, balıqda, süd məhsullarında aşkar edilmişdir. Bununla yanaşı dioksinlər inək südündə toplanır. Dioksinlərin mənbəyi həm də köküyumru bitkilər sayılır, belə ki, əsasən bitkilərin kök sistemində toplanırlar.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti