Dağlar qoynunda yerləşən Laçın, qayıdışın mübarək!

Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.

Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal olunmuşdu. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayon idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan 2020-ci ilin dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Bu qələbə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanılıb.

İşğaldan azad olunmuş Laçın rayonu zəngin biomüxtəlifliyə malikdir. Təavüzkar Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edib. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı da bu rayonun ərazisində yerləşir. 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu vulkanik və relikt mənşəli Qaragöl gölünü və onun ətraf ərazilərini əhatə edir. Bu göl nadir qızılxallı forel balıqları ilə məhşurdur.

1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisi işğala qədər vələs, cökə, ağcaqayın meşələrindən ibarət olub və bu yerlərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşmışdı.

İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Bu gün işğaldan azad edilmiş digər ərazilər kimi Laçın rayonu da bərpa edilməkdədir. Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur yaradılır, rayon dirçəldilir.

Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına nail olmaq məqsədilə işğaldan azad edilmiş Laçın şəhərinin azad edilməsinin birinci ildönümündə rayonun təbiətində də bərpa işlərinə başlanılıb. Belə ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələrinin nümayəndələri, “Azərenerji” ASC-nin yerli qurumunun əməkdaşları, media nümayəndələrinin iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

Dağların qoynunda yerləşən Laçının əhalisi doğma yurda qayıdış gününün başlamasını səbirsizliklə gözləyir…

 

Hazırladı

Aris Qismətoğlu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.