“Dəniz kuboku” müsabiqəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər :

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsinin başa çatması ilə əlaqədar Hərbi Dəniz Qüvvələrində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, hakimlər kollegiyasının işi, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının göstəriciləri barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, “Dəniz kuboku” müsabiqəsi zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər.
Hakimlər komissiyası tərəfindən aparılan qiymətləndirmənin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri 225 xal toplayaraq müsabiqənin qalibi olublar. Qazaxıstan komandası 208 xalla ikinci, İran komandası isə 178 xalla üçüncü yerə layiq görülüb.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin ölkəmizdə şəffaf və yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. Kontr-admiral S.Bəkirov beynəlxalq müsabiqənin Xəzəryanı dövlətlər arasında tərəfdaşlıq və dostluğun inkişafına təkan verdiyini xüsusi qeyd edib.
İştirakçı ölkələrin nümayəndələri isə öz növbələrində belə mühüm yarışın Azərbaycanda beşinci dəfədir ki, təşkil edildiyini vurğulayaraq yaradılan yüksək şəraitə görə təşəkkürünü bildiriblər.
Sonra kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.
“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi və qalib komandaların mükafatlandırma mərasimi avqustun 25-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.