Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.
Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
Aparılmış monitorinqlər zamanı həmin ərazilərdən götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
2023-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığını nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağın Sahil, Suraxanının Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Hazırda çimərliklərdə dəniz suyunun laboratoriya müayinə üsullarının tətbiqi ilə nəzarət tədbirləri davam etdirilir. Monitorinq nəticələri ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.