Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci rübündə proqnozla müqayisədə 7 faiz və ya 100 mln. manat çox olmaqla 1 mlrd. 561 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-mart aylarında proqnoza nisbətən 9 faiz və ya 101 mln. manat artaraq 1 mlrd. 192 mln. manat olub.
Son 3 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 194 mln. manat artaraq 1 mlrd. 494 mln. manata çatıb.














