Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 8227 şəxsə reabilitasiya xidmətləri göstərilib.
Onlardan 4504-nə ambulator, 835-nə stasionar, 2525-nə onlayn, digərlərinə isə sosial-psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri göstərilib.
Qeyd edək ki, hazırda Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olan şəxsi bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Bu kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi istiqamətində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Vətən Naminə Mətbuat Xidməti