Ziyarətdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, şəhid valideynləri, qazilər, YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, Deputatın köməkçisi Əfsun Əlizadə və ictimaiyyət nümayəndələri iştirak etdilər.Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Əbilzadə Sübhan Arif oğlu 23 aprel 1998-ci ildə Biləsuvar rayonun Nərimankənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ş.Heydərov adına Nərimankənd kənd tam orta məktəbində təhsil almış və 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2018-ci ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 7-də Nərimankənd kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əbilzadə Sübhan Arif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!