Posted By Admin Posted On

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

2018-ci il fevralın 23-ü Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

Tədbirdə  rayon Icra Hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə və təşkilatlar, Icra Hakimiyyətinin nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri, Qarabağ döyüşçüləri, şəhid ailələri  və rayon ictimaiyyətinin nümayəndələri  iştirak edirdilər.

İştirakçılar Xocalı soyqırımından bəhs edən sərgiyə baxdıqdan sonra soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Biləsuvar rayon İcra Hakimiyətinin başçısı Mahir Quliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırım haqqında geniş məlumat verdi. O bildirdi ki, erməni  millətçiləri tərəfindən  Xocalıda xalqımıza qarşı  aparılan  bu soyqırım  və  təcavüz XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir.

Ermənistan Silahlı Qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 106 qadın, 63 uşaq və 70 ahıl olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq əlil edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür.

Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını  daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 mindən çox soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

Faciəyə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğata başlanıldı. Soyqırımın tanıdılması ilə bağlı bu gün də prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır  və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun  vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunur, dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırım olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır.

Tədbirdə M.Quliyev bildirdi ki, bu gün Azərbaycanın öz torpaqlarını qorumağa qadir olan güclü ordusu, onun müdrik, uzaqgörən  prezidenti və Ali Baş Komandanı var. Xalqımız əmindir ki, bir qarış torpaqlarımız belə işğal altında qalmayacaqdır. 2016-cı ilin aprel döyüşləri bunu bir daha həm Ermənistan tərəfinə, həm də bütün dünyaya sübut etdi. Qısa bir vaxtda 2 min hektar ərazi, 1 kənd, bir neçə  yüksəklik, o cümlədən mühüm strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuz tərəfindən azad  olundu. Bütün Azərbaycan xalqı bu qələbəyə ürəkdən sevinir, qüdrətli ordumuzla və Ali Baş Komandanımızla fəxr edir. Hər birimizdə möhkəm bir inam var ki, işğal altında  olan bütün torpaqlarımız tezliklə azad ediləcək, Azərbaycanın ərazui bütövlüyü bərpa olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı  xalqımızın  inamını daha da artırmışdır.Cocuq Mərcanlıda bərpa-quruculuq işlərinə başlanması həm də ölkə prezidentinin qətiyyəti sayəsində Qarabağ  torpaqlarına böyük qayıdışın başlanğıcıdır.

Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar,  soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını almalarını qeyd etdilər.

Sonda  mədəniyyət işçilərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş musiqilər oxundu, şeirlər söylənildi və  tamaşa nümayiş olundu.

Comments (0)

Leave a Reply

Your email address will not be published.