VETENNAMİNE.AZ xəbər verir ki, Vətən müharibəsinin Biləsuvar şəhərindən şəhidlərimiz Əlizadə Nəriman Nurəhməd oğlu və şəhid Xəlilzadə Əmrah İnqilab oğlunun anım günləri ilə əlaqədar ailələri və məzarları ziyarət olundu. Ziyarətdə Biləsuvar rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiya fəalları, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Nağı Cəfərov, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir. Qeyd olunmuşdur ki, Vətən müharibəsindəki şanlı Zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi əsil qəhrəmanlıq səlnaməsidir.
ŞəhidƏlizadə Nəriman Nurəhməd oğlu – 6 aprel 1997-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2003-2011-ci illərdə Ə.Eynullayev adına 4 saylı tam orta məktəbində və 2011-2015-ci illərdə Respublika Olimpiya İdman liseyində təhsil almışdır. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır. 2019-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən əvvəl “Rəvan” və “Neftçi” futbol klublarında çıxış etmişdir. Nəriman, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Füzuli-Şuşa istiqamətində gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Nəriman Nurəhməd oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.
Şəhid Xəlilzadə Əmrah İnqilab oğlu -1 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2005-2016-ci illərdə Biləsuvar şəhər 6 saylı tam orta məktəbində təhsil almış və 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin aprel ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu kimi xidmət başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və oktyabr ayının 26-da Füzuli rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Xəlilzadə Əmrah İnqilab oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.