VETENNAMİNE.AZ xəbər verir ki, açılış mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Röyal Quluzadə, Milli Məclisin deputatının köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin nümayəndəsi mayor Vasif Rzayev, Salyan-Şirvan Regional Təhsil idarəsinin Biləsuvar rayon üzrə nümayəndəsi Anar Xammədov, şəhid valideynləri, qazilər, məktəblilər, kənd sakinləri iştirak etdilər.
Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbiri idarə edən Bəhruz Əliyev şəhid olan qəhrəmanlarımızın döyüş yolundan, onların şücaətindən, döyüşlərdə göstərdikləri mərdliklərdən söz açdı.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanımızın dəmir yumruq siyasəti ilə torpaqlarımızın işğaldan azad olunmasından və bu döyüşlərdə şəhid qəhrəmanlarımızın, qazilərimizin canları, qanları bahasına ərsəyə gəlməsindən danışdılar.
Şəhidimizin atası Bağırov Qəhrəman göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya ailəsinni adından minnətdarlığını bildirdi.
Tədbirin sonunda məktəblilər şəhidlərimizə həsr olunmuş vətənpərvərlik ruhunda şeir söylədilər. Bulaq kompleksinin açılışından sonra şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxunaraq əziz xatirəsi böyük ehtiramla yad edildi.
Şəhid Bağırlı Hikmət Qəhrəman oğlu – 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Şəhidimiz uşaq yaşlarından idmanın boks növü ilə məşqul olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini “N” saylı hərbi hissənin kəşfiyyat qrupunda keçirmişdir. Vətən Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 29 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Adı əbədiləşdirilərək kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır!

Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev
Vətən Naminə Mətbuat Xidməti













