VETENNAMİNE.AZ xəbər verir ki, 28 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayonunun Təzəkənd kəndində 44 günlük Vətən Müharibəsinin şəhidi, Azərbaycan Ordusunun kiçik çavuşu İsmayılov Amid Eldar oğlunun şəhadətinin 3-cü ildönümü ilə əlaqədar adına tikilmiş “Bulaq Kompleksi”-nin açılış mərasimi oldu.
Tədbirdə kənd icra nümayəndəsi, bələdiyyə üzvləri, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, kənd ağsaqqalları, məktəb direktoru və müəllim kollektivi, məktəblilər, şəhid valideynləri və qazilər iştirak etdilər.
Tədbir, şəhidlərimizin anılması və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri idarə edən Bəhruz Əliyev şəhid İsmayılov Amid Eldar oğlunun keçdiyi həyat yolundan, döyüşlərdə qəhrəmanlıq və şücaətindən danışdı.
Çıxış edənlər şəhidin uşaqlıq və məktəb illərindən, vətənpərvərliyindən, insani keyfiyyətlərindən söz açdılar. Tədbirdə iştirak edən məktəblilər vətənpərvərlik ruhunda şeir söylədilər. Daha sonra şəhidin atası İsmayılov Eldar göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirdi.
Şəhidin adına tikilib istifadəyə verilmiş “Bulaq Kompleksi”-nin açılışından sonra məzarı ziyarət olunaraq, əziz xatirəsinə dualar oxundu.
Şəhid İsmayılov Amid Eldar oğlu, 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi, bir övladı dövlətimizə əmanət qalıb. Azərbaycan Ordusunun kiçik serjantı olan Amid İsmayılov 44 günlük Vətən Müharibəsində, sentyabr ayının 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
Qeyd edək ki, şəhidimiz atası İsmayılov Eldar da birinci Qarabağ Müharibəsi veteranıdır və Füzuli rayonunda döyüşmüşdür. Müzəffər Ali Baş Komandan tərəfindən Amid İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Adı əbədilədirilərək Təzəkənd kəndində yaşadığı küçəyə adı verilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır!
Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev
Vətən Naminə Mətbuat Xidməti