HomeBütün XəbərlərBiləsuvarda aprel döyüşçülərinin ailələri ilə görüş keçirildi

Biləsuvarda aprel döyüşçülərinin ailələri ilə görüş keçirildi

Biləsuvarda aprel döyüşçülərinin ailələri ilə görüş keçirildi

14 oktyabr 2017-ci ildə rayonda yaşayan aprel döyüşçülərinin ailə üzvlərinə baş çəkildi. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinin əməkdaşı Ramiq Sultanov, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyevin iştirakı ilə  Əsgərabad kəndində  İmanov Aqil Allahverdi oğlunun, Çaylı kəndində Əliyev Babək Bəxtiyar oğlunun və Bağbanlar kəndində Ağazadə Nicat Aydın oğlunun ailəsi ilə görüşülərək onların səhhəti və ailə qayğıları ilə bağlı söhbət aparıldı.

Görüşlərdə həmin kəndlərin icra nümayəndələri, bələdiyyə sədrləri və aprel döyüşçülərinin yaxınları iştirak etdi.

Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova  görüş zamanı aprel döyüşləri  barədə danışaraq bildirmişdir ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək. Aprel döyüşləri  xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bəhruz Əliyev qeyd etdi ki, Lələtəpə və Talış kimi strateji əhəmiyyətli yüksəkliklərin düşməndən geri alınmasında iştirak edən Biləsuvar gənclərinin də iştirakı bizi  qürurlandırır.

Aprel döyüşləri zamanı əsgər və zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular. Övladını itirmək hər bir valideyn üçün böyük faciədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaq.

Döyüşlərdə bir çox əsgər və zabitlərimiz yaralanaraq sağlamlıqlarını itirdilər. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşaraq hər bir əsgərin tez bir zamanda sağalması üçün bütün lazımi addımları atdı.

Daha sonra çay süfrəsi arxasında keçirilən söhbətlərdə balaca fidanlar qəhrəmanlığı, vətəni, torpağı vəsf edən şeirlər söylədilər.

Yekunda  aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır   olduqlarını qeyd edərək, onlara göstərilən qayğı və diqqətə görə ölkə rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını bildirdilər.