Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, 7-8 oktyabr tarixlərində Naftalan şəhərində keçirilən “Naftalan-Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişafı Strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfransda ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və Nazirliyin mütəxəssisləri iştirak edib.
Konfransda çıxış edən ETSN nümayəndələri ölkə ərazisində ekoturizmin hazırki vəziyyəti və perspektivləri, milli parkların ekoturizm imkanları, həmin ərazilərdə həyata keçirilən ekoturizm fəaliyyətinin əhəmiyyəti, eyni zamanda milli parklarda müxtəlif təbii landşaft və ekosistemləri əhatə edən 114 ekoturizm marşrutunun fəaliyyət göstərdiyi barədə iştirakçılara məlumat verib. Milli parklara gələn turistlərin sayında müşahidə olunan artımın ilk növbədə ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə əlaqədar olduğu xüsusi vurğulanıb.
Relikt növlərlə zəngin olan Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Azərbaycanın ilk təbiət ərazisi olduğu da iştirakçıların diqqətinə çatdırılıb.
Çıxışlar zamanı Naftalan şəhərində müşahidə olunan Eldar şamı ağaclarının kəskin quruması halları ilə bağlı sanitar-sağlamlaşdırıcı tədbirlərin genişləndirilməsi, ağaclara mütəmadi aqrotexniki qulluq göstərilməsi, bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi, eyni zamanda yeni yaşıllıqların salınması zamanı lokal və qlobal iqlim dəyişikliyi proseslərinin nəzərə alınmasının vacibliyi məsələsinə də toxunulub.