Başın sağ olsun Azərbaycan!

Xəbər verdiyimiz kimi Ermənistan Silahlı Qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdikləri geniş miqyaslı təxribat nəticəsində Azərbaycan ordusundan 42, Sərhəd Qoşunlarından 8 nəfər olmaqla ümumilikdə 50 şəhidimiz var.

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə bəyan etdiyinə görə Ermənistan Silahlı Qüvvələri təxribat nəticəsində 105 hərbçi itirmiş və yüzlərlə hərbçi yaralanıb əsir düşüb. Əslində isə Ermənistan Silahlı Qüvvələrinin itkisi daha çoxdur.

13 sentyabr 09:00-dan atəşkəs əldə olunmağına baxmayaraq Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozur.

Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib.

Həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.

Ordumuzun həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində düşmənin atəş nöqtələri susdurulur, hərbi infrastrukturuna zərbələr endirilir.

Ordumuzun bu sayda şəhid verməsi aidiyyatı orqanlar tərəfindən araşdırılmalıdır.

Bir daha belə halların təkrarlanmaması üçün tədbirlər həyata keçirilməlidir və günahkar şəxslər öz cəzalarını almalıdır.

Hesab edirəm ki, ordumuz düşmənin bu cür təxribatlarının qarşısını aldıqda böyük humanistlik göstərir. Bunun nəticəsidir ki, düşmən mütəmadi olaraq təxribatlara əl atır. Əslində üç tərəfli bəyannamənin tələblərini yerinə yetirmək məqsədi ilə Azərbaycan ordusu Qarabağ ərazisində yerləşən bütün qanunsuz hərbi birləşmələri tam məhv etməlidir. Müharibəməramlı rus qoşunları ermənilərin bu cür təxribat törətmələrinə şərait yaradır.

44 günlük savaşda Azərbaycan ordusunun əldə etdiyi uğurlu döyüş əməliyyatından sonra bu döyüşlərdə qəhrəmanlıq göstərən zabit, gizir və müddətdən artıq hərbi qulluqçular sırasından ordu sıralarından çoxlu sayda hərbçi tərxis olunmuşdur. Aidiyyatı dövlət qurumları bu məsələ ilə bağlı araşdırmalar aparmalıdır və onların ordu sıralarından tərxis olunmalarına vadar edən şəxslər öz cəzasını almalıdır.

44 günlük savaşda olduğu kimi döyüş əməliyyatından uzaqlaşdırılan Azərbaycan ordusunun rəhbər heyəti 1 ay müddətinə döyüş əməliyyatlarından uzaqlaşdırılsa inanıram ki, Azərbaycan ordusu Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağının dalğalanmasına nail olacaq və Zəngəzur dəhlizi qoşunlarımızın nəzarətinə götürüləcək.

Döyüşlərdə şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət, ailə üzvlərinə və yaxınlarına səbr diləyirik.

Müəllif: Aris Məmmədov

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.