Posted By Admin Posted On

Bərdədə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

2018-ci il fevralın 26-sı Bərdə İdarəetmə və Texnologiya kollecində Bərdə rayon Gənclər və İdman İdarəsinin və kollecin birgə təşkilatçılığı ilə Xocalı  soyqırımının  26-cı  ildönümü  ilə   bağlı anım tədbiri  keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin müəllimi, aqrar elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qeyd etdi ki,1988-ci ildən başlamış Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Xocalı soyqırımı törədildi. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddar Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsinin 26-cı ildönümü rayonun idarə və təşkilatlarında da geniş qeyd  olunur, yığıncaqlar, dəyirmi masalar, disputlar,  konfranslar keçirilir.

Xocalı şəhidlərinin əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi.

Kollecin direktor əvəzi Xaləddin Ələkbərov  tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdiyini dedi. Müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-sı erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisəsi hər il həmin gün Xocalı Soyqırımı günü kimi qeyd olunur. Bununla ulu öndərimizin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Artıq Xocalı soyqırımını dünya dövlətləri də tanımağa başlamışlar.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxışında  əsrlər boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, tarixdə ilk dəfə olaraq “genosid” sözünün 1944 –cü ildə yəhudi əsilli Polşa hüquqşunası Rafael Lemkin tərəfindən leksikona daxil edildiyindən, 9 dekabr 1944-cü ildə isə “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın qəbulu ilə ona rəsmi status verilməsindən danışdı. O qeyd etdi ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman-zaman qətliamlar törədilmişdir. Xocalı faciəsi bunların içində ən dəhşətlisidir. Bizim gənclərimiz bunu unutmamalı  və bütün imkanlardan istifadə edərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Tədbirin sonunda kollecin tələbə-gənclər təşkilatının nəzdində fəaliyyət göstərən akademik Həsən Əliyev adına “Yaşıl Dünya” klubunun sədri Pərvin Əhmədova və Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına hərbi-vətənpərvərlik klubunun sədri Şəbnəm Süleymanova hazırladıqları  ədəbi-bədii kompozisiya və Gənclər və İdman İdarəsinin könüllüləri, ”Həmrəy” musiqi qrupunun üzvləri Nurlan Zamanlının və Məhəmməd Həmidovun ifasında vətənpərvərlik mahnıları tədbir iştirakçılarına təqdim olundu.

Tədbiri kollecin müəllimi,  aqrar elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev bağlı elan etdi.

Comments (0)

Leave a Reply

Your email address will not be published.