Hörmətli Mehdi müəllim!
Sizi 60 illik əlamətdar yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Xüsusi sevinc hissi ilə qeyd edirik ki, yubileyiniz müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizənin zəfərlə yekunlaşdığı, işğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış” prosesinin uğurla həyata keçirildiyi bir dövrə təsadüf edir.
Siz – hərbçi, müharibə veteranı, ictimai xadim və vətəndaş olaraq, Əfqanıstan savaşından başlayaraq Qarabağ müharibəsinə qədər uzanan şərəfli və fədakar həyat yolunuzla daim xalqımızın etimadını qazanmısınız. Mətinliyiniz, dönməzliyiniz və Vətənə sədaqətiniz bu illər ərzində minlərlə döyüşçü üçün nümunə olmuşdur.
Eyni zamanda şəhid ailəsinin üzvü və iki müharibənin iştirakçısı kimi Siz, bu gün də minlərlə qazinin, şəhid ailəsinin ağrısını anlayan bir rəhbər olaraq, 2001-ci ildən etibarən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə böyük məsuliyyət və fədakarlıqla rəhbərlik edirsiniz. Təşkilatlanma, hüquqi dəstək və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki xidmətləriniz danılmazdır.
İctimai birliklər və müharibə veteranları ilə əməkdaşlıq sahəsində Sizin kimi təşəbbüskar, prinsipial və vətənpərvər insanların mövcudluğu ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verir.
Əminik ki, Siz bundan sonra da qazilərimizin və şəhid ailələrinin hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində yüksək vətəndaş məsuliyyəti ilə fəaliyyətinizi davam etdirəcəksiniz.
Bir daha Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq!
Hörmətlə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri və İdarə Heyəti