Sahibkarlığın cəmiyyətdə əhəmiyyəti Yalnız sahibkarlıq bütün məsələlərin həllində əsas üsul kimi qəbul edildiyi zaman həm ayrı-ayrı şəxslərin, həm də bütövlükdə cəmiyyətin sürətli inkişafını təmin edə bilər. Bu səbəbdən bazar iqtisadiyyatı şəraitində sahibkarlıq cəmiyyətin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Sahibkarlıq fəaliyyəti cəmiyyətə lazım olan məhsul və xidmətləri aşkara çıxarır və bu təlabatların ödənilməsi üçün sahibkarlar müəssisələr yaradırlar. İstehsal etdikləri məhsul və xidmətləri realizə edib (satırlar) bölüşdürürlər. İnsanların ehtiyaclarının ödənilməsi onların əsas məqsədlərindən biridir. Bu məqsədə çatmaq üçün onlar müəssisə yaradırlar və bu müəssisələr “real” iş yerlərinin əsas generatorlarına çevrilirlər, yəni işləməyə ehtiyacı olan və işləmək istəyən insanları işlə təmin edirlər. Yeni iş yerlərinin açılması məşğulluğun səviyyəsini yüksəldir. Müəssisə tərəfindən iş yerləri yaradıldığı halda işçilər, müəssisə sahibi və dövlət gəlirlə təmin olunurlar, yəni fəhlə və qulluqçular əmək haqqı alır, sahibkarlar gəlir əldə edirlər, dövlət büdcəsinə isə vergilər daxil olur. Yeni müəssisə yeni vergi ödəyicisi deməkdir. Ayrı-ayrı fiziki şəxslərdən və müəssisələrdən vergi tutulmasa dövlət idarələri, orqanları fəaliyyət göstərə bilməzlər. Müəssisələr dövlətin sosial müdafiə siyasətində də ən aktiv iştirakçılardır Müəssisə sahibi öz gəlirindən dövlətə vergini ödədikdən sonra ona qalan gəlirlə yenidən istehlak məhsulları alır, müəssisə üçün əmanətlər yığır. Yeni məhsul və xidmətlərin istehsalının stimullaşdırılmasına, yeni texnologiyanın əldə edilməsinə və istifadəsinə dair yeni təkliflər üzərində işləyir və həyata keçirməyə çalışır. Bu hamısı yeni müəssisələrlə iş əlaqəsi yaratmaq deməkdir. Gəlirlə işləyən müəssisələr investisiya fondu yaradır. Bu fondun hesabına sahibkar istehsal gücünü artırır, istehsalını genişləndirir,müasirləşir. Bunların hamısı daha yeni iş yerlərinin açılması deməkdir. İnsanların ehtiyaclarının ödənilməsi üçün istehsal, ticarət, ictimai xidmət, həmçinin “nouhau” texnologiyalarına çoxlu miqdarda vəsait lazımdır. Bu vəsaitlərin böyük hissəsi müəssisənin fəaliyyətindən əldə olunur. Həmin vəsaitlər də şəxsi mülkiyyətdə olan resurslardır, yəni sahibkarların resurslarıdır. Beləliklə, sahibkarlıq cəmiyyətin inkişafının, insanların rifahının yaxşılaşdırılmasının vacib amillərindən biridir. Qeyd etmək lazımdır ki, əgər dövlət düzgün iqtisadi siyasət aparsa onda o, sahibkarlığın və öz iqtisadiyyatının inkişafına təkan vermiş olar. Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür. Hansı yollarla liberal iqtisadiyyatın verdiyi faydadan daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər? Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında toplaşıb. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin
liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.
Həlimə Əliyeva