Azərbaycanda dövlət səhiyyə xərclərindən istifadənin səmərəliliyinin artırılması istiqamətləri

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, Türkdilli Dövlətlərin İqtidsadçıları İctimai Birliyinin sədri, i.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva Vetennamine.az saytına «Azərbaycanda dövlət səhiyyə xərclərindən istifadənin səmərəliliyinin artırılması istiqamətləri» mövzusunda danışıb.
Müasir dövrdə sosial müdafiənin gücləndirilməsində əhalinin sağlamlığının qorunması mühüm yer tutur. Əhalinin sağlamlığının qorunması isə səhiyyənin maliyyələşməsindən, xüsusilə də dövlət maliyyələşməsindən birbaşa asılıdır. Aparılan tədqiqatlar göstərir ki, dövlət səhiyyə xərclərinin yüksək olduğu ölkələrdə sağlamlıq göstəriciləri daha yaxşı vəziyyətdə olur. Sağlamlıq göstəricilərinin aşağı olduğu ölkələrdə hökumətlər səhiyyə sahəsinə ayrılan vəsaitləri artırmalı və bunu insan kapitalına qoyulan investisiya kimi qiymətləndirməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus qeyd etmişdir ki, səhiyyəyə ayrılan vəsaitlər əlavə xərc deyil, əksinə yoxsulluğun azldılmasına qoyulan investisiya, iş yerlərinin yaradılması, məhsuldarlığın yüksəldilməsi, hərtərəfli iqtisadi artım və daha sağlam, təhlükəsiz və ədalətli cəmiyyət deməkdir.
Ümumiyyətlə, səhiyyənin maliyyələşməsi mənbələri: 1) büdcədən ayırmalar; 2) məcburi və könüllü tibbi sığorta haqları; 3) əhalinin ödənişləri kimi 3 əsas qrupa bölünür. Qeyd etmək lazımdır ki, ÜST-nin hesablamalarına əsasən, səhiyyənin maliyyələşməsi aşağıdakı nisbətdə olmalıdır:
-dövlət büdcəsi – 60%;
-tibbi sığorta – 30%;
-pullu xidmətlər – 10%;
Azərbaycanda səhiyyənin maliyyələşməsinə nəzər salsaq görərik ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər ildən-ilə artırılmışdır.
Ümumiyyətlə, ölkəmizdə səhiyyənin maliyyələşməsində dövlətin payı aşağıdır. Dünya Bankının məlumatına əsasən, ölkəmizdə səhiyyənin maliyyələşməsində 2015-ci ildə dövlətin payı 22%, nağd ödənişlərin payı 73,3%, könüllü tibbi sığortanın payı isə 4,7% təşkil etmişdir. Bu isə səhiyyənin maliyyələşmə mənbələri ilə əlaqədar ÜST-nin təsnifatından əsaslı şəkildə fərqlənir. Müqayisə üçün qeyd edək ki, bir sıra ölkələrdə səhiyyənin maliyyələşməsində dövlətin payı ölkəmizə nisbətən xeyli yüksəkdir.
Səhiyyənin maliyyələşdirilməsində diqqət yetirilməli məsələlərdən biri də dövlət büdcəsindən İlkin Səhiyyə Xidmətlərinə (İSX) ayrılan vəsaitlərlə bağlıdır. İSX-in səmərəli təşkili xəstəlikləri vaxtında aşkara çıxartmaqla onun müalicəsini asanlaşdırır və çəkilən xərcləri də azaldır. Odur ki, səmərəli səhiyyə siyasəti tətbiq edən ölkələr İSX-yə daha çox vəsait ayırırlar. “1978-ci ildə Almaata Bəyannaməsinin qəbulundan sonra 1984-cü ildə ÜST-nin Avropa bürosu ilkin tibbi yardımın gücləndirilməsi məqsədi ilə əlavə olaraq 38 vəzifə müəyyənləşdirmişdir. Bu vəzifələr səhiyyə sisteminin inkişafı və sağlamlıq baxımından İSX-nin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
Ölkəmizdə İSX-yə dövlət büdcəsindən ayrılan vəsaitlər ildən-ilə artsa da, lakin xüsusi çəkisi son illərdə azalmışdır.
Mövcud problemləri həll etməkdən və dövlət səhiyyə vəsaitlərinin səmərəli istifadəsindən ötrü ölkəmizdə icbari tibbi sığortanın formalaşdırılması zəruridir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin maliyyələşməsində daha çox tibbi sığorta üsulundan istifadə edilir. Bu üsul səhiyyə sisteminin maliyyələşməsində ən səmərəli üsullardan sayılır.
Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin böyük əksəriyyəti icbari tibbi sığorta ilə təmin edilmişdir. Məsələn, Kanada, Böyük Britaniya, Yaponiya, İtaliya, Finlandiya, İsveçrə kimi ölkələrdə icbari tibbi sığorta ilə təmin olunma səviyyəsi 100%-dir. İcbari ibbi sığorta ilə əhatə səviyyəsi postsosialist ölkələrindən – Çexiya Respublikasında 100%, Estoniyada 93,9%, Litvada 92%-dir. Onu da qeyd edək ki, qonşu respublikalarda da (Rusiya, Gürcüstan və s.) icbari tibbi sığorta fəaliyyət göstərir.
Respublikamızda da icbari tibbi sığortanın bütün ölkədə formalaşdırılması səhiyyə xərclərinin optimallaşdırılmasına şərait yaradıb.
Hazırda Azərbaycanda icbari tibbi sığorta fəaliyyət göstərir və müsbət nəticələrini verməkdədir. Belə ki, əhalidən heç bir ödəniş tələb olunmadan onlara tibbi müayinə və müalicə xidmətləri göstərilir. İcbari tibbi sığortanın həyata keçirilməsi ilə əlaqədar olaraq həkimlərin həvəsləndirilməsi məqsədilə əmək haqlarına stimullaşdırıcı əlavələr edilmişdir. Tibbi personalın maaşları artırılmışdır.
Qeyd etmək lazımdır ki, səhiyyə xərclərinin tərkibində əhalinin ödənişlərinin xüsusi çəkisinin yüksək olmasının səbəblərindən biri də tibbi personalın əmək haqlarının azlığı ilə əlaqələndirilir. Göründüyü kimi, icbari tibbi sığortanın tətbiqi tibbi personalın əmək haqqında əhəmiyyətli dəyişikliyə səbəb olmuşdur.
Bu qeyd olunanlar bir daha sübut edir ki, səhiyyə sisteminin maliyyələşdirilməsində tibbi sığorta ən mütərəqqi üsuldur. İcbari tibbi sığortanın tətbiqi Azərbaycanın səhiyyə sistemində olan bir sıra – əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsinə, səhiyyə sisteminin idarə edilməsinin yaxşılaşdırılmasına, dövlət səhiyyə xərclərinin səmərəli istifadəsinə, qeyri-rəsmi ödənişlərin azaldılmasına, əhalinin və tibbi personalın sosial müdafiəsinin gücləndirilməsinə və s. müsbət dəyişikliklərə gətirib çıxarıb.
Dünyanın bir çox ölkəsində icbari tibbi sığortada istifadə olunan dərmanlar ya ƏDV-dən azad olunur, ya da aşağı faiz ilə ƏDV-yə cəlb olunurlar. Ölkəmizdə də bu təcrübədən istifadə olunması icbari tibbi sığortanın səmərəliliyinin artırılmasına gətirib çıxaracaqdır.
Məlum olduğu kimi, hər il ölkədə bu və ya digər dərəcədə inflyasiya baş verir. Bu tibbi xidmətlərin də dəyərinə təsir göstərir. Tibbi xidmətlərin qiymətlərinin ölkədəki inflaysiyanın səviyyəsinə uyğun olaraq tənzimlənməsi labüddür.
İcbari tibbi sığorta mexanizminin səmərəliliyinin təmin olunmasında mühüm məsələlərdən biri də dövlət tərəfindən ayrılan vəsaitlərin və yığılan sığorta haqlarının xərclənməsi zamanı şəffaflığın qorunmasıdır.
Bu qeyd olunanlar yeni formalaşdırılacaq mexanizmin səmərəliliyini artırmaqla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinı müsbət təsir göstərəcəkdir.

 

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.