Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial
həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-
iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri
Sahil Babayev iki ölkənin münasibətlərinin strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb.
Bunu Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.
Bu il Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü qeyd
edən nazir 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin, ötən dövrdə imzalanmış
60-dan çox əməkdaşlıq sənədinin əlaqələrimizin genişlənməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri qeyd edən Sahil Babayev Ermənistanın işğalından
azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi və həmin ərazilərdə aparılan böyük quruculuq işlərini
diqqətə çatdırıb.
O, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsində bu ilin yanvar-avqust aylarında da 76,45
faiz artım olduğunu, Azərbaycan və Rumıniya Hökumətləri arasında Birgə Komissiyanın fəaliyyətini,
Komissiyanın bu ilin iyun ayında Bakıda 6-cı iclasının keçirildiyini qeyd edib.
Azərbaycanda son illər sosial sahədə aparılan islahatlar, sosial ödənişlərdəki ciddi artımlar, müasir
və çevik idarəetmənin, şəffaf və operativ, proaktiv xidmətlərin təşkili ilə bağlı görülən işlər, DOST
konsepsiyası barədə məlumat verib.
S.Babayev həmin islahatların uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini, Nazirlik
qurumlarının bu günlərdə daha 3, ümumilikdə bu il 11 beynəlxalq mükafatla təltif edildiyini vurğulayıb. Nazir
sosial sahədə Rumıniya ilə ikitərəfli əlaqələrin inkişafı, nazirliklər arasında müqavilə-hüquq bazasının
genişləndirilməsi üçün potensial olduğunu qeyd edib.
M.K.Budey Azərbaycana səfərindən məmnunluğunu və ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına
böyük önəm verdiyini, sosial sahədə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün səylərini artırmaqda
olduqlarını, bu sahədə bilik və qabaqcıl təcrübələrin mübadiləsinə maraq göstərdiklərini vurğulayıb.
Görüşün yekunu olaraq S.Babayev və M.K.Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və
Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını
imzalayıblar.
Sənəddə DOST mərkəzləri modelinin Rumıniyada tətbiqi perspektivinin dəyərləndirilməsi üçün
ekspertlərdən ibarət birgə işçi qrupun yaradılması və fəaliyyətinin təşkili də yer alır.
Fəaliyyət planında həmçinin əmək bazarının monitorinqi və proqnozlaşdırılması, aktiv məşğulluq
proqramları, əmək müfəttişlərinin peşəkarlığının artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması,
pensiya təminatı və sosial müavinətlər, sosial xidmətlər, əlillik və reabilitasiya, digər sahələrdə bilik və
qabaqcıl təcrübələrin mübadiləsi çərçivəsində ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulur.