Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır

Serbiyanın Dövlətçilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç ölkəsinin dövlətçilik tarixindən bəhs edib. O, Azərbaycanın Serbiyanın ən yaxın dostları sırasında olduğunu vurğulayıb.

 

Bildirib ki, Belqradda Qoşulmama Hərəkatının yubileyinin birgə təşkili zamanı görülən böyük iş, siyasi fəaliyyətin intensivləşdirilməsi və iki ölkə arasında 2021-ci il ərzində demək olar ki, üç dəfə artmış ticarət dövriyyəsindəki irəliləyiş da bunu sübut edir.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri  Sahil Babayev səfiri və dost Serbiya xalqını Serbiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Azərbaycan Respublikası Hökuməti adından təbrik edib.

 

Nazir bildirib ki, Azərbaycan-Serbiya əlaqələri ildən ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir.

 

S.Babayev vurğulayıb ki, ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının Serbiyanın paytaxtı Belqradda keçirilməsi Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirib.

 

Nazir ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün güclü hüquqi bazanı formalaşdırdığını, ümumilikdə 34 sənəd imzalandığını deyib. O, Azərbaycan-Serbiya əməkdaşlığının inkişafında Hökumətlərarası Komissiyanın mühüm rolunu, Komissiyanın iclaslarını mütəmadi olaraq keçirdiyini  vurğulayıb.

 

S.Babayev Azərbaycanla Serbiya arasında viza rejiminin ləğvinin iki ölkənin ticarət əlaqələrinin güclənməsinə töhfə verəcəyini bildirib. O, Serbiya biznes dairələrinin də ötən il təməli qoyulmuş Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək layihələrdə iştirakda maraqlı olacağına əminliyini ifadə edib.

 

Azərbaycanda Serbiya, Serbiyada Azərbaycan şirkətlərinin, uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən azad edilib.

 

Hazırda bu ərazilərdə sürətlə davam edən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu prosesə fəal şəkildə qatılmaq imkanına malikdir.

 

S.Babayev birgə səylər əsasında Azərbaycan-Serbiya əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.