Baş Prokurorluqdan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin uğurlu davamı kimi Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən həyata keçirilən “Antikorrupsiya sahəsində qabaqcıl təcrübə mübadiləsi” (BACPE) layihəsinə qoşulublar.
Layihə çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin prokuror-kriminalisti Samir Mirzəyev, Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Orxan Qazızadə və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Əhməd Həsənov cari ilin 3-6 oktyabr tarixlərində Estoniya Respublikasının paytaxtı Tallin şəhərində səfərdə olublar.
Səfər zamanı əməkdaşlarımız Estoniya Baş Prokurorluğu, habelə Korrupsiya Cinayətləri Bürosunda olub, tərəfdaş ölkənin Baş Prokurorluğunda keçirilmiş görüşdə xarici həmkarlar tərəfindən onlara qurumun strukturu, eləcə də korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində müsbət təcrübələri barədə geniş məlumat verilib.
Korrupsiya Cinayətləri Bürosunda keçirilmiş növbəti görüşdə isə nümayəndələrimizə korrupsiya cinayətlərinin istintaqı zamanı aktivlərin bərpası istiqaməti ilə bağlı bu qurumun fəaliyyətindən bəhs edilib
Hər iki görüşdə əməkdaşlarımız tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası sahələrində görülən işlər barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müsbət təcrübə və fikir mübadiləsi aparılıb.
Layihənin formatına uyğun olaraq, tərəfdaş ölkə nümayəndələrinin də Azərbaycan Prokurorluğunun müvafiq sahədə müsbət təcrübəsi ilə tanış olması məqsədi ilə ölkəmizə səfəri nəzərdə tutulur.
Vətən Naminə Mətbuat Xidməti